Tarixinin ən bahalı illəri, II dünya müharibəsində xərclənən pullar - VİDEO

1939-1945-ci illər dünya tarixində ən “bahalı” illər sayılır. II dünya müharibəsi dövründə sərf olunan vəsaitlər bunu deməyə tam əsas verir. Əvvəlki müharibələrdən fərqli olaraq Adolf Hitlerin başladığı müharibə həm özünə, həm də bütün dünyaya baha başa gəlib.

Maraqlıdır, II dünya müharibəsində tərəflər nə qədər vəsait sərf ediblər, hərbi əməliyyatlara, ordulara nə qədər pul xərclənib, dağıntılar ölkələrə nə qədər ziyan vurub?

Bütün bu məbləğləri dəqiq hesablamaq mümkün olmasa da, ortaya təxmini rəqəmlər çıxarılıb. 60-dan artıq ölkənin cəlb olunduğu II dünya müharibəsinin miqyası o qədər böyük olub ki, hələ bu günə qədər də statistikada rəqəmlər ilbəil dəyişir.

Newspress.az xəbər verir ki, 2019-cu ildə nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmaların son statistikasına görə, II dünya müharibəsi bütövlükdə müharibədə iştirak edən ölkələr üçün 15 trilyon ABŞ dollarına başa gəlib. Bu məbləğ ayrı-ayrı ölkələrin milli valyutalarının ABŞ dollarına nisbətdə olan bugünkü məzənnəsi ilə hesablanıb. Bu məbləğ müharibənin əsas iştirakçı ölkələri arasında təxmini aşağıdakı rəqəmlərə bölünüb:

Almaniya – 4 trilyon

SSRİ – 3 trilyon

Britaniya – 1.8 trilyon

ABŞ – 5 trilyon (bu məbləğə atom layihəsi də daxildir)

Yaponiya – 840 milyard

Bu xərclərdə silah istehsalı və alışı, hərbi əməliyyatlara sərf olunan xərclər, orduların saxlanılması, dağıntıların vurduğu ziyan aid edilib.

Müharibə dövründə Almaniyanın milli gəlirinin 67.8, SSRİ-nin 55, ABŞ-ın 43.4, Britaniyanın 55.7, Yaponiyanın 49.7 faizi hərbi büdcəyə köçürülüb.

Ümumilikdə qələbnin əldə edilməsi üçün SSRİ və müttəfiqləri Almaniya və onun müttəfiqlərindən 180 milyard artıq vəsait sərf edib.

Təkcə 1941-1943-cü illərdə Almaniyanın SSRİ ərazisində apardığı hərbi əməliyyatlar zamanı dağıntılar 128 milyard dollar həcmində hesablanıb. Bütövlükdə müharibə dövründə SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavodu, 65 min kilometr dəmiryol xətti dağıdılıb. Bununla da SSRİ-nin maddi sərvətinin üçdə biri məhv edilib.

Almaniya yalnız silahlanmaya 445 milyard dollar sərf edib. Onlar müharibə üçün 104 min təyyarə, 65 min tank, 174 min top, 82 min minamyot və digər hərbi silah-sursat istehsal ediblər. Hitlerin bu “səxavəti” sayəsində Almaniyada 1939-1945-ci illərdə infilyasiya altı dəfə artıb.

II dünya müharibəsində ABŞ-ın hərbi xərcləri 5 trilyon olsa da, amerikalılar silah satışından qazanc da əldə ediblər. 1939-1945-ci illlərdə ABŞ-ın xarixi ticarətin səviyyəsi 4.5 dəfə artıb. ABŞ hərbi xərclərinin əsas hissəsini atom layihəsinə xərcləyib.

Britaniya üçün də II dünya müharibəsi maddi problemlər yaradıb. Müharibə ərəfəsində ingilislər 102 min təyyarəyə, 25 min tanka, 113 min topa, 48 min minamyota büdcədən 49 milyard dollar sərf ediblər. Bu xərclərin sayəsində əhalinin yaşayış səviyyəsi minimuma enib.

Yaponiya silah-sursata 41 milyard dollar pul xərcləyib.

Ayrı-ayrı dövrlərdə II dünya müharibəsinin hərbi xərcləri və vurduğu ziyan fərqli rəqəmlərlə əks olunub. 1947-ci ildə bu rəqəm 4 trilyon, 1969-cu ildə 11.5 trilyon, 2019-cu ildə 15 trilyon kimi göstərilib.
Bir daha qeyd edək ki, göstərilən pul məbləğləri ABŞ dollarının 2019-cu ildəki məzənnəzi ilə göstərilib.
Müqayisə üçün onu da qeyd edək ki, I dünya müharibəsinin xərcləri 3 trilyon ABŞ dolları olub.

Faktlardan göründüyü kimi, müharibə heç də ucuz “məsələ” deyil. Ən dəhşətli fakt isə odur ki, faşizm, Adolf Hitlerin dünyaya sahib olmaq iddiası dünyanı 15 trilyon dollar ziyana salmaqla yanaşı, 70 milyon insanın həyatına da son qoyub. İnsan həyatının isə qiyməti yoxdur. Təəssüf ki, bu gün də planetimizdə faşist ideyalarının daşıyıcısı olan Ermənistan kimi dövlətlər də var.

 




Tarix: 2021-05-08 16:41:32 Oxunub: 2627 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR