Deputat Şəki sakinlərini təbrik etdi - FOTO

Şəkidə Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib. Tədbirdə deputat Vüqar İskəndərov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə iştirak edib. DTA-nın sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib.  Agentlik sədri UNESKO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa “Xınalıq” qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb. Çıxış edənlər 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirib. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə hər il 7 iyul tarixinin Şəkidə “Şəhər günü” olaraq keçirilməsi təklifi ilə çıxış edib. Deputat Vüqar İskəndərov bu önəmli gün münasibəti ilə şəkililəri təbrik edib. Diqqətə çatdırıb ki, bu əlamətdar hadisə Şəkinin dünyada daha geniş formada tanidılmasında böyük rol oynayacaq və şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək.

Tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESKO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib.

Daha sonra qonaqlar yerli sənətkarların əl işləri və qoruq ərazisindəki muzeylərlə tanış olublar.




Tarix: 2021-07-07 21:52:31 Oxunub: 6142 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR