"Əsgərə xatirə kitabı" İB şəhid ailələri ilə görüş keçirib - FOTO

Müdafiə Nazirliyinin və Deputat Vüqar İskəndərovun dəstəyi, “Əsgərə xatirə kitabı” İctimai Birliyinin təşkilatçılığı ilə Şəkidə “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib. Newspress.az xəbər verir ki, şəhid ailələri ilə görüşdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatın köməkçisi, incəsənət nümayəndələri, Şəki şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları iştirak ediblər. Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib. Bildirilib ki, “Dəmir Yumruq” əməliyyatı ilə başlanılan Vətən müharibəsində qazanılan möhtəşəm qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla hər bir Azərbaycan vətəndaşının, hər bir hərbi qulluqçunun böyük xidmətləri vardır. “Əsgərə xatirə kitabı” İctimai Birliyinin rəhbəri Nuranə Şıxəliyeva qeyd edib ki, layihə rayon üzrə bütün şəhid ailələrini əhatə edir və mütəmadi olaraq QHT-nin əməkdaşları bu ailələrlə görüşlər keçirir. Deputat Vüqar İskəndərovun köməkçisi Anar Nağıyev isə bildirib ki, deputatın təşəbbüsü ilə Şəkidə bir neçə dəfə şəhid ailələri ilə əlamətdar günlərdə görüşlər təşkil olunub. Şəhid ailələrinə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir. Ona görə də şəhid ailələrinin mənəvi dəstəyə ehtiyac var. Onların adları əbədiləşdirilməli və ürəklərdə yaşadılmalıdır.  

Şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin ilk nəşri olan Birinci kitabın nüsxələri hədiyyə edilib.

Sonda xatirə şəkli çəkilib, şəhid ailələrinə bayram sovqatları təqdim olunub.




Tarix: 2021-07-23 18:43:07 Oxunub: 737 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR