Millət vəkili: "3 ölkənin əlaqələri gələcəyə böyük imkanlar vəd edir"

- Vüqar müəllim, istərdik ilk olaraq Bakı Bəyannaməsinin mahiyyətinə nəzər salaq. Bakı Bəyannaməsi hər 3 ölkə üçün nələr vəd edir? 

- Tarixi köklərə malik olan Azərbaycan-Türkiyə-Pakistan münasibətləri hazırda yeni mərhələdədir. Bunu istər Vətən müharibəsindən əvvəl, istər müharibə, istərsə də postmüharibə dövrünün reallıqlarının təhlili  təsdiqləyir. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkaşlıq platforması rəsmi Bakının xarici siyasətində vacib elementdir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar yalnız özünün inkişafına deyil, ümumilikdə regionun və dünyanın siyasi mənzərəsinə öz müsbət təsirini göstərir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, imzalanan  sənəd, qəbul olunan qərar  gələcəyə hədəflənmiş addım olmaqla yanaşı, hər bir ölkənin imkanlarının təqdimatıdır. İyulun 27-də  təməli qoyulan üçtərəfli – Azərbaycan-Türkiyə-Pakistan   parlamentlərarası əməkdaşlıq platforması dost, qardaş ölkələr arasında  münasibətlərin daha da inkişafına böyük töhfə olacaq. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsünün müəllifi ölkəmizdir.” Cənubi Qafqazda geniş regional əməkdaşlıq platformasının yaradılması təşəbbüsləri, əslində, Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin gələcəyi baxımıdan daha böyük imkanlar vəd edir.

- Necə düşünürsünüz, Bakı Bəyannaməsi Şuşa Bəyannaməsinin davamı ola bilərmi?

- Bu ilin ən yadda qalan mühüm hadisələrindən biri də iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə oldu. Bu sənədi Türkiyə ilə ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf mərhələsini rəsmiləşdirən strateji təşəbbüs kimi qiymətləndirirlər. Şuşa Bəyannaməsi, eləcə də Türkiyə Respublikasının Şuşada Baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Azərbaycanın ayrılıqda həm Türkiyə, həm də Pakistanla strateji əməkdaşlığı var. Məhz bu iki ölkə Azərbaycanın müstəqilliyini tanıyan ilkdövlətlərdir. Ermənistanla müharibə zamanı da ən güclü dəstəyi bu iki ölkədən aldıq. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdi. Bu görüşdə imzalanan Bakı Bəyannaməsi ölkələrimizin təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Bəyannamə xalqların mənafelərinə bundan sonra da xidmət edəcək. Ümumi maraqların qorunmasında hər üç ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrimizin gələcək inkişafına və xalqlarımızın rifahına təminat verir.

-Bakı Bəyannaməsindən öncə Azərbaycan, Türkiyə və Pakistan arasındakı hərbi-siyasi əməkdaşlıq hansı səviyyədə idi?

- Yeni dünyanın gətirmiş olduğu çağırışlar milli təhlükəsizliyi təmin etmək üçün beynəlxalq münasibətlər sisteminin aktorlarından birgə əməkdaşlığı və koordinasiyalı fəaliyyəti tələb edir. O zaman sözügedən sənəd hal-hazırda Ermənistanın regionda vəziyyəti yenidən gərginləşdirmək cəhdləri fonunda onu dəstəkləyən qlobal güclərin neytrallaşdırılmasında da mühüm rol oynayacaq. Çünki qeyd edildiyi kimi Pakistanın nüvə silahına malik yeganə müsəlman dövləti olması faktı ilə yanaşı, o həm də güclü orduya və hərbi-sənaye kompleksinə malik dövlətdir. Bu baxımdan da sözügedən Bəyannamə hər üç dövlətin siyasi, hərbi, iqtisadi və digər sahələr üzrə güclərinin birləşdirilməsi deməkdir. Üçtərəfli parlamentlərarası  platformanın formalaşması hər bir ölkənin inkişafında parlamentin roluna, qəbul olunan yeni, təkmil qanunların yol açdığı uğurlara işıq salır. Pakistan və Azərbaycan bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələrdir. Nüvə silahına malik, 250 milyon əhalisi olan Pakistanla bizi bir-birimizə yaxın edən dini, mədəni amillərdirsə, bir digər məsələ də mürəkkəb coğrafi məkanda yerləşən ölkələrimizin üz-üzə qaldığı siyasi problemlərin oxşarlığıdır. Belə ki, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib.  Türkiyəyə gəldikdə isə bu qardaş ölkə ilə Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur. Dostluq, qardaşlıq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik illər keçdikcə daha da möhkəmlənərək   təcrübə mübadiləsinin genişlənməsi fonunda   daha təkmil  qanunların qəbuluna öz müsbət təsirini göstərəcək”.

- Bakı Bəyannaməsi dünyaya hansı mesajları verir?

- Bakı Bəyannaməsinin baş tutması cənab Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və həyata keçirdiyi çoxvektorlu xarici siyasətin Türkiyə və Pakistan kimi güclü dövlətlər tərəfindən dəstəklənməsidirsə, bu, həm də ölkə başçımızın müstəqil xarici siyasət yürütdüyünün və müstəqil qərarqəbuletmə mexanizminin reallaşdırılmasıdır.  Bəyannamə imzalanan zaman Mustafa Şentop 3 ölkə arasında nəqliyyat, turizm, ticarət və enerji kimi məsələlərə toxundu.  Bəyannamələrin müddəalarında isə ölkələr arasında bu sahələrin inkişafı üzrə mövcud hökumətlərə hərtərəfli dəstək veriləcəyi  bildirildi. Azərbaycan və Türkiyə arasında hər bir sahə kimi, iqtisadi sahədə də güclü əməkdaşlıq olmasına baxmayaraq, Pakistanla iqtisadi əlaqələrimizi heç də yüksək hesab etmək olmaz. Keçən ilki hesabata görə, iki ölkə arasında ticarət dövriyyəsi cəmi 10 milyon dollar olub və bunun 700 min dollarını Azərbaycan təşkil edib.

- Bu birlik üç ölkənin arasında  ortaq milli maraqlarının beynəlxalq səviyyədə  müdafiəsini təmin edəcəkmi?

- Dünya hüquq problemini yaşadığı bir zamanda  ikili siyasətin sona çatdığını düşünmək mümkünsüzdür. Bu baxımdan  beynəlxalq aləmdə  qərəzli və ədalətsiz yanaşmaların mövcudluğuna və getdikcə artmasına qardaş dövlətlərin parlamentləri  sərt mövqelərini  ortaya qoymalıdırlar.  Bu birlik üç ölkə arasında  ortaq milli maraqların beynəlxalq səviyyədə  müdafiəsini təmin edəcək. Parlament sədrlərinin üçtərəfli görüşünün yaxşı imkanlar yaratdığını bildirən   Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər  Pakistanda Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması təşəbbüsü ilə də  çıxış edib. Ümumilikdə  imzalanan  Bakı Bəyannaməsi əlaqələrimizin  inkişafına baxış əsasında  qarşıdakı dövr üçün görüləcək işləri özündə ehtiva edir. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsi qərarı  bir çox məqamlara işıq salır. Tərəflər parlament sədrləri səviyyəsində platformanın yaradılmasından məmnundurlar, uğurlu başlanğıca əsaslanaraq hədəflərə vaxtında və yüksək səviyyədə nail olacaqlarına əminliklərini ifadə edirlər.”




Tarix: 2021-07-30 10:32:16 Oxunub: 648 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR