Deputat:"Azərbaycana və Türkiyəyə qarşı ikili standartlar hər zaman olub"

“Beynəlxalq hüquq və qanunlar bəzi dövlətlərin marağı üçündür”

Newspress.az xəbər verir ki, bu fikirləri deputat Vüqar İskəndərov səsləndirib.

“Bu gün geosiyasi maraq, mənafe və intriqaları təmin etmək üçün tətbiq edilən, bəla kimi dünya dövlətlərini zəiflədən ikili standartların manipulyasiya, təzyiq vasitəsinə, ən qorxulusu isə beynəlxalq normaya çevrilməsi adi hal alıb. Bu vəziyyəti təsdiqləyən nümunələr isə istənilən qədərdir. Ölkəmizə ikili standartlara ən bariz nümunə illərdən bəri Qərbin dəstəyi ilə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Azərbaycan torpaqlarını zəbt edən Ermənistana heç bir təzyiq göstərilmədi və işğalçı cəzalandırılmadı. Ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərilirdi. Əgər bütün baş verirdisə, demək “beynəlxalq hüquq normaları” adlı prinsiplər gəlişi gözəl sözlərdən başqa bir şey deyildir”.

Deputat vurğulayıb ki, tarix boyu həm Azərbaycana, həm də Türkiyəyə qarşı ikili standartlar mövcud olub:

“Təbii ki, hazırki durumda da biz bunu görməkdəyik. Artıq bir həftədir ki, Ermənistanda kütləvi aksiyalar təşkil olunur. Bu aksiyalar zamanı insanların, ictimai fəalların həbsi, döyülməsi, aksiyaların qəddarcasına dağıdılmasına dair olayların şahidi oluruq. Mediada bu zorakılıqla bağlı kifayət qədər faktlar yayımlansa da, amma Qərb buna susur, göz yumur. Beynəlxalq təşkilatlar bu məsələdə çox kor və lal münasibət sərgiləyir. Bir faktı qeyd edim ki, torpaqlarımız işğal altında olduğu illərdə, BMT-nin 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların bəyanatları və hüquqi sənədlərinin olmasına baxmayaraq, Minsk qrupu yalnız bu münaqişəni dondurmaqla, sonda da Ermənistanın xeyrinə həll etməklə mövqeyi nümayiş etdirirdi. Azərbaycan öz gücü ilə, Ali Baş Komandanın rəhbərliyi altında, şərəfli ordusunun gücü ilə beynəlxalq hüququ özü bərpa etdi, ədaləti yerinə qoydu. Bütün bunların baş verməsinə baxmayaraq, biz müharibə dövründə də, indi də bu və ya digər formada ikili standartlarının şahidiyik”.

V.İskəndərov vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycanda adi bir məişət zəminində baş verən hadisəni qloballaşdıraraq cürbəcür bəyanatlar verirlər:

“Onlar bu məsələni az qala hansısa insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışırlar. Lakin bədnam qonşumuzda dəfələrlə nümayişlərin güc yolu ilə dağıdılması, hətta insanlarla vəhşicəsinə olan rəftarlara və münasibətlərə baxmayaraq, heç bir beynəlxalq təşkilatlar indiyədək bunlara münasibət bildirməyiblər. Onların gözünün kor, qulağının kar mövqeysizliyinin şahidi oluruq. Təbii ki, bütün bunlar düşündürücüdür. Biz sadəcə olaraq görürük ki, beynəlxalq hüquq və qanunlar bəzi dövlətlərin marağı üçündür. Onlar öz maraqlarına uyğun olaraq həmin hüquqdan istifadə edirlər”.

V.İskəndərovun sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir:

“Bu gün Azərbaycan siyasi söz sahibidir. Təbii ki, bundan sonra biz daha da güclənməliyik. Sirr deyil ki, artıq diktə edən ölkə ampulasındayıq. Bu prosesin davamlı olacağına da heç bir şübhə yoxdur. Qeyd edim ki, ölkə prezidenti Cənab İlham Əliyev dəfələrlə hansısa bəyanatlara, sənədlərə yox, ancaq öz gücümüzə inanmalı olduğumuzu söyləyib”.




Tarix: 2022-05-12 15:06:31 Oxunub: 11081 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR