"Azərbaycan pandemiya dövründə atdığı addımları ilə nümunədir"

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycana dünya miqyasında da böyük inam və etimad bəslənilir. Bu da səbəbsiz deyil. Belə ki, uğurlu xarici siyasəti ilə beynəlxalq arenada nüfuz qazanan ölkəmiz, eyni zamanda, qlobal pandemiya dövründə atdığı addımlar, beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün irəli sürdüyü təşəbbüslərlə də dünya üçün bir nümunə təşkil edir.

Newspress.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, qlobal pandemiya zamanı qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlərin, eləcə də bir sıra beynəlxalq və regional təşkilatların adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilmədiyi bir halda məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iki beynəlxalq qurum yeni növ koronavirusla mübarizə məqsədilə onlayn Zirvə görüşü keçirib: “Məlum olduğu kimi Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olundu və bu görüş tarixə düşdü. Çünki Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirdi. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr edilmiş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü oldu. Hazırda bu iki beynəlxalq quruma Azərbaycanın rəhbərlik etdiyini və hər iki videokonfrans vasitəsilə Zirvə görüşünün məhz dövlət başçımızın təşəbbüsü ilə keçirilməsini nəzərə alaraq hesab edirəm ki, bu, ölkəmizlə bağlı bir sıra üstünlükləri növbəti dəfə dünyaya nümayiş etdirdi. Belə ki, bu günlərdə əksər beynəlxalq təşkilatların hər hansı bir addım atmaqda çətinlik çəkdiyi halda məhz Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və Azərbaycan qısa zaman fasiləsi ilə iki beynəlxalq qurumun videokonfrans şəklində Zirvə görüşünün keçirilməsininin, deməli, həm də bu qurumlarda təmsil olunan dövlətlərin yeni növ koronavirus infeksiyası ilə mübarizədə həmrəylik nümayiş etdirmələrinin, belə demək mümkündürsə, çəkici bir zindana vurmalarının təşəbbüskarı kimi tarixə düşdü. Bu, Azərbaycanın nəinki bir ölkə olaraq qlobal çətinliklərə qarşı müqavimət gücünü, həm də dövlətləri, beynəlxalq qurumları səfərbər etmək üçün uğurlu təşəbbüslərlə çıxış etmək imkanını da nümayiş etdirdi”.

Vüqar İskəndərov bildirib ki, istər sonuncu Zirvə görüşü, istərsə də BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir: “Bu Zirvə görüşü digər məqamlarla da tarixə yazıldı. Belə ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq oldu. Digər tərəfdən bu Zirvə görüşü ilə biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Nəhayət, Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü”.




Tarix: 2020-05-05 22:16:05 Oxunub: 1171 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR