"Koronavirusu oyun adlandıranlar peşman olacaqlar" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Vüqar İskəndərov Sonxeber.az-ın suallarını cavablandırıb. Newspress.az həmin müsahibəni təqdim edir:

-Bu gün bütün dünya kimi Azərbaycan da yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına qarşı mübarizə aparır. Dövlətimiz tərəfindən zamanında addımlar atılmasaydı, bizi hansı bəlalar gözləyə bilərdi?

- Öncə onu deyim ki, yeni növ koronavirus infeksiyasının yayılması hazırda bəşəriyyəti narahat edən əsas məsələlərdən biri, bəlkə də birincisidir. Bu da səbəbsiz deyil, hazırda dünyada 8 milyon insanın yoluxduğu bu xəstəlik əksər ölkələrin həyatını demək olar ki, iflic edib. Bütün bunların fonunda bu infeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində atılan müvafiq addımlar, görülən tədbirlər baxımından ölkəmiz dünya üçün nümunə təşkil edir. Ölkəmizdə infeksiyaya yoluxmanın qeydə alındığı andan etibarən Prezident İlham Əliyevin müvafiq qərarları, həmçinin tapşırıq və göstərişləri əsasında vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin qorunması, eyni zamanda pandemiya dövründə onların sosial müdafiəsi istiqamətində mühüm işlər həyata keçirildi. Həmçinin pandemiya nəticəsində zərər görən sahələrə dövlət öz dəstəyini əsirgəmədi. Dövlət qurumlarında çalışan insanlar işə getməsələr də maaşlarını aldılar. Özəl, turizm və digər sahələrdə çalışanlara yardımlar olundu. 600 min vətəndaşımıza dövlət tərəfindən 190 manat ödəmələr edildi. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə tətbiq edilən qadağalar da öz effektinin verdi və yoluxma sayı azaldı. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti hər cür fövqəladə vəziyyətdə öz vətəndaşlarının qorunması üçün çevik addımlar atmağa hazırdır və buna qadirdir. Lakin təəssüflər olsun ki, karantin rejiminin yumşaldılmasından sonra vətəndaşlarımızda arxayınlığın yaranması yoluxma sayında yenidən artımların olması ilə nəticələnib. Ona görə də həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul olunub. Təbii ki, bu məsələdə insanlarımızdan çox şey asılıdır. Çünki dövlət bütün sahələrdə lazım olan addımları operativ şəkildə atmaqdadır. Sadəcə insanlarımız məsuliyyətli olub, Operativ Qərargahın tövsiyyə və qərarlarına əməl etməlidirlər. Bununla onlar həm özlərini, həm də bütövlükdə cəmiyyəti bu infeksiyaya yoluxmaqdan xilas edə bilərlər.

- Vüqar bəy, bilirsiniz ki, pandemiya dövründə verilən qərarlardan biri də şənbə-bazar günlərində insanların çölə çıxmasına qadağa qoyulmasıdır. Bundan əlavə qoruyucu tibbi maskalardan istifadə etməyənlərə qarşı cərimələrin tədbiq edilməsi ilə bağlı qanun qüvvəyə mindi. Cərimələr insanların bu xəstəliyə qarşı məsuliyyətini artıracaqmı?

- Qəbul edilən qanunlara əməl etmək hər birimizin borcudur. Lakin təəssüf ki, ölkəmizdə elə insanlar var ki, qanuna əməl etmək istəmirlər. Düşünürəm ki, karantin rejimində sərtləşmələr, cərimələr və s. vacibdir. Biz qanunu yaradanda özünü düşünməyən vətəndaşı, onun yaxınını və bütövlükdə cəmiyyətizi düşünürük. Çünki bir insanın məsuliyyətsizliyi böyük insan kütləsinə təsir göstərə bilər. Yəni koronavirusa yoluxan hər hansı bir insanın məsuliyyətsizliyi ailəsi və bütövlükdə bir cəmiyyət üçün təhlükə yaradır. Buna görə cərimələrin tətbiqi vacibdir.

- Vüqar bəy, bu xəstəliyin guya siyasi oyun olduğunu və insanların bu xəstəliyə inanmaması ilə ilə bağlı iddialar səsləndirənlər var...

-Çox təəssüf ki, hələ də bu cür təxribat xarakterli fikirlərə inananlar var. Hətta bu fikirləri mən bəzən savadlı insanlardan da eşidirəm. Amma hamı bilməlidir ki, dünyanı bürüyən pandemiya bütün sahələri dağıda biləcək böyük fəlakətdir. Bu pandemiyanın sonu hələ bilinmir. Ona görə də mən koronavirusu oyun və zarafat hesab edən insanlara təəccüblənirəm. Bu çox ciddi məsələdir. O insanlar bu virusa özləri və ya yaxınları tutulan zaman peşman olacaqlar. Çox təəssüf ki, onda da çox gec olacaq. Hər bir vətəndaş anlamalıdır ki, bu çox təhlükəli virusdur. Ona görə də çalışmalıyıq ki, sosial məsuliyyətimizi dərk edib, qaydalara əməl edək.

-Son dövrlərin aktual məsələrindən biri də sosial şəbəkələrlə bağlıdır. Bəlli olduğu kimi də sosial şəbəkələrdə deputatlar, ziyalılar və digər şəxslər təhqir edilir, ölkəmizə qarşı qarayaxma kampaniyalar apalır. Ona görə də sosial şəbəkələrdə hüquqi tənzimləmənin həyata keçirilməsi aktual məslə kimi önə çıxıb...

- Bəli, son dövrlərdə qlobal miqyasda müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri də sosial şəbəkələrdə hüquqi tənzimləmənin həyata keçirilməsidir. Bu istiqamətdə bir sıra ölkələrdə müvafiq addımların atıldığı müşahidə edilməkdədir. Elə mayın 28-də ABŞ Prezidenti Donald Trampın imzaladığı "Onlayn senzuradan müdafiə barədə" sərəncam da bu konteksdə atılmış mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.

Belə ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə və ölkələrə qarşı kampaniyaların təşkil olunmasına şərait yaradır. Buna görə də bu özbaşınalığa, xaosa son qoyulmalıdır. Artıq istər ümumilikdə beynəlxalq müstəvidə, istərsə də ayrı-ayrı ölkələr tərəfindən sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsinin vaxtı çatıb.

Onu da deyim ki, ölkəmiz də dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli hücumlarına məruz qalıb. Çünki müstəqil siyasət yürüdən güclü dövlət kimi Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir. Bununla yanaşı, bəzi qüvvələr məhz sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək Azərbaycana qarşı müxtəlif qərəzli kampaniyalar təşkil edir, dövlətimizə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Buna görə də hesab edirəm ki, söyüş, qeyri-etik davranış, bəzi hallarda isə terrora, qarşıdurmaya çağırış platformasına çevrilən sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dünyada gedən qlobal prosesdən ölkəmiz də kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir.

-Sosial şəbəkələrdə təhqirlərlə bağlı qanunları sərtləşdirməyə ehtiyac varmı?

- Mənim fikrimcə var. Amma təbii ki, burada bir çox məqamlara da fikir verilməlidir. Ümumiyyətlə təhqir və şər-böhtana qarşı qanunlar sərtləşdirilməlidir.

-Pandemiya dövründə ermənilər yenidən cəbhədə aktivləşiblər. Ermənilərin bu təxribatları ikinci aprel döyüşlərinə səbəb ola bilərmi?

- Ermənilərin son addımları təxribat xarakteri daşıyır. Amma onlar da yaxşı bilirlər ki, bugünki ordumuzu 90-cı illərlə müqayisə etmək olmaz. Silahlı Qüvvələrimiz dünyanın 50 güclü ordusu sırasındadır. Təbii ki, bu qürurvericidir. Biz qısa müddət ərzində ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmişik. Biz Aprel döyüşlərində ermənilərə və bütün dünyaya ordumuzun gücünü göstərdik. Düzdür, hələlik biz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsini istəyirik. Amma bu danışıqlar nəticəsiz olarsa biz artıq gücdən istifadə etmək məcburiyyətində qalacağıq. Bizim torpaqlarımızı azad etmək hüququmuz var. Gənclərimiz vətənpərvər ruhda böyüyürlər. Onlar Ali baş komandanımızın əmrini gözləyirlər. Bir sözlə, qüdrətli ordumuz, vətənpərvər oğullarımız və güclü Ali baş komandanımız var. İnanıram ki, ordumuz Ali baş komandanın rəhbərliyi ilə 3 rəngli bayrağımızı Xankəndindən, Şuşadan və işğal olunmuş digər torpaqlarda asacaq.

- Vüqar bəy, bilirsiniz ki, cənab Prezident İlham Əliyev 2018-ci ildə növbəti dəfə ölkə başçısı seçildikdən sonra hər bir sahədə islahatlar aparmaqdadır. Aparılan struktur islahatları nəticəsində dövlətinə və xalqına bağlı savadlı gənclər yüksək vəzifələrə gətirilir. Hər bir sahədə gəncləşmə bizə nələri qazandıracaq?

-Gəncləşmə çox vacibdir. Cənab Prezidentin də bəyan etdiyi kimi, gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Həmin gənclər isə həm bilikli, həm də mənəvi və fiziki baxımdan sağlam olmalıdırlar. Dünya sürətlə dəyişir və inkişaf edir. Bu gənclərimiz də bu dəyişikliklərə hazır olamlıdırlar. Yəni, bu gün hər bir sahədə savadlı, qabiliyyətli, yenilikləri daha tez qavrayan gənclərə ehtiyacımız var.

-Vüqar bəy bilirik ki, mütəmadı olaraq seçicilərinizlə əsasən də gənclərlə görüşlər keçirirsiniz. Gənclər daha çox hansı problemlərlə bağlı sizə müraciət edir?

- Bu gün gənc ali məktəbi bitirdikdən sonra işləmək üçün hər hansı bir özəl şirkətə müraciət edir. Ona deyirlər ki, işə götürülməyin üçün təcrübən olmalıdır. Hər birimiz gənclərə təcrübə toplaması üçün dəstək olmalıyıq. Çünki gənc təcrübəni işdə qazanmalıdır. Heç kim birdən-birə işlədiyi sahənin mütəxəssisi ola bilməz. Yaxşı mütəxəssis yetişdirilməlidir. Mənə gənclərin müraciətlərinə gəlincə, ümumiləşdirsək, deyə bilərəm ki, əsasən iş üçün müraciətlər çoxluq təşkil edir.

- Bəzən aztəminatlı ailələr təhsil haqqına görə övladlarını təhsildən yayındırırlar. Bununla bağlı iş adamları, biznesmenlər, imkanlı şəxslər birləşib fond yarada bilərmi?

-Biz hər şeyi dövlətdən gözləməməliyik. Bu məsələdə sosial məsuliyyət vacibdir. Bu gün böyük şirkətlər, biznesmenlər, iş adamları az təminatlı ailələrin övladlarının təhsili üçün yardımlar ayırmalıdırlar. Düşünürəm ki, onlar imkansız gənclərin təhsil haqqının ödənilməsi üçün birləşib fondlar yaratmaldır. Düzdür ki, elə iş adamları var ki, az təminatlı ailələrə və onların övladlarının təhsilinə böyük dəstək olurlar. Sadəcə onlar adlarının çəkilməsini istəmirlər.




Tarix: 2020-06-18 14:56:57 Oxunub: 1370 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR