30 il sonra gələn çempionluğun şifrələri - TURAL MƏMMƏDOVUN yazısı..

Newspress.az ARB TV-nin əməkdaşı Tural Məmmədovun 

....30 İL SONRA GƏLƏN ÇEMPİONLUĞUN ŞİFRƏLƏRİ  yazısını təqdim edir:


“Meydana çıxan hər oyunçu qrupunu komanda adlandırmaq düzgün deyil. Oyunçu qruplarının bir komanda ola bilməsi, klubun ənənəsindən aldıqları ruh və məşqdə tökdükləri tərlə mümkündür”
                                                               Yurgen Klopp
2015-ci ildə “Liverpul”a gələndə almaniyalı bu prinsipləri önə çəkdi. Bəs 5 ilin sonunda çempionluq necə gəldi?  
Yaxşı qapıçı komandanın yarısıdır. Klopp da işə elə qapıdan başladı. Minyole, Kariusla bu işin olmayacağını yaxşı başa düşən mütəxəssis bu mövqeyə transfer üçün xəsislik etmədi. 67 milyon avroya Alison Beker komandaya cəlb olundu. 


Daha sonra Bekerin önünə bir divar hördü. Virgel van Dayk.


"Southempton" dan 93 milyon avroya transfer olunanda bir mərkəz müdafiəçisinə bu qədər pul verilməz deyirdilər. İndi isə niderlandlının qiyməti “ceyran beli”nə qalxıb desək yanılmarıq. Tək başına “Liverpul”un müdafiə xəttini başqa bir səviyyəyə qaldırdı.
Kloppun möcüzələrindən biri də sol cinah müdafiəçisi Robertsondur.O, Kloppun cinahlar üzərindən qurduğu oyunun vazkeçilməzlərindən oldu.  Premyer liqadan aşağı liqaya yuvarlanan “Hull siti”dən 10 milyon avroya gələn cinah müdafiəçisinin hazırki transfer qiyməti 70 milyon avrodur.
Sağ cinahda isə “Liverpul” akademiyasının yetişdirməsi Aleksandr Arnold da Kloppun tapıntılarındandır. 21 yaşlı ingilisin dəyəri 85 milyon avrodur.
“Monako”dan 45 milyona alınan Fabinyoya azarkeşlərin güvəni az idi. Lakin dinamik və sürətli futbolu mərkəzdə sığortalamaq istəyən Klopp yenə doğru qərar vermişdi.

Roberto Firmino Kloppun transferi deyildi. Ancaq braziliyalı məşqçinin o qədər etimadını qazandı ki, Kloppun 5 il boyunca ən çox forma verdiyi oyunçu Firmino oldu.

Sonda Mane və Salah...
Mane Kloppun ilk uğurlu transferi idi əslində. 30 milyona alınan afrikalının qiyməti hazırda 140 milyondur. Komandanın ən böyük problemi olan irəliyə dönük və sürətli oyunçu problemi Mane ilə həll edildi. 
Hər hekayənin, hər uğurun bir qəhrəmanı var. Mersesaytlıların qəhrəmanı isə Misirli Məhəmməd Salahdır. Premyer liqa macərasına “Çelsi”də başlayan Salah, karyerasının zirvəsinə isə Kloppun “Liverpul”unda yüksəldi. Adına mahnılar bəstələndi.

Vurduğu hər qoldan sonra səcdəyə getməsi ilə ingilislər "biz də Salah kimi müsəlman olacağıq" deməyə başladılar. 
Bu möhtəşəm heyət 2018/2019-cu illər mövsümündə Çempionlar liqasını qazandı. Ancaq hələ də əksik olan bir şey vardı. Premyer liqa çempionluğu. Nəhayət ki, 30 il sonra soyuq liman şəhərinə bir alman o kuboku gətirdi. Ancaq təəssüflər olsun ki, heç vaxt yalnız olmayacaqsan deyən azarkeşlər sevimli komandalarını tək buraxmaq məcburiyyətindədirlər. Dünyanın bəlasına çevrilən koronavirus azarkeşlərə 30 il sonra gələn çempionluğu “Enfild”də  qeyd etməyə imkan verməyəcək.




Tarix: 2020-06-26 13:38:23 Oxunub: 791 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR