Vüqar İskəndərov: "Bu yolu seçmisənsə, gərək işində vicdanlı, dürüst olasan"

Azadinfo.az-ın "Ən yaxşı millət vəkili" sorğusunda beçinci yerə çıxan Milli Məclisin üzvü Vüqar İsgəndərov saytımıza müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Vüqar bəy, 2019-cu ildə Azərbaycan parlamenti buraxıldı və 2020-ci ildə yeni seçkilər keçirildi. Əvvəlki parlamentin buraxılma səbəbi ölkə başçısının apardığı islahatlarla ayağlaşa bilməməsi idi. Sizcə, VI çağırış parlament ölkədəki islahatlara adekvat sayıla bilərmi?

- Əvvəlcə dəvətiniz üçün təşəkkür edirəm. Ölkədə bir neçə ildir ki, geniş islahatlar aparılır. Bu islahatlar 2019-cu ildə daha da genişləndirilib.  Amma hiss olunurdu ki, aparılan islhatlara parlament uyğunlaşa bilmir. Bu baxımdan, məhz millət vəkillərinin öz qərarı ilə parlament buraxıldı. Çox keçmədən ölkədə yeni seçkilər keçirildi və mən daxil bir neçə yeni simalar parlamentə seçildi. Bir ildən artıqdır ki, biz fəaliyyət göstəririk. Düzdür, əminliklə deyə bilmərəm ki, bu zaman ərzində hər şey ideal formada gedir və ya biz bütün etimadları doğrultmuşuq. Əlbəttə bu, yalan olar. Birincisi, bu məsələ insanların şəxsi keyfiyyətləri ilə bağlıdır. Yəni, hər kəs bacardığı qədər işləyir. Buna görə də, parlamentə seçilərkən doğru-dürüst şəxslər seçilməlidir. Parlamentə seçilmək, deputat olmaq daha çox insan kütləsi üçün işləməkdir. Çünki artıq sən onların fikirlərini, səsini təmsil edirsən. Bu mənada, deputatın məsuliyyəti digər vəzifələrdən daha çoxdur. Bu yolu seçmisənsə, gərək işində vicdanlı, dürüst olasan. Mən öz vəzifəmin məsuliyyətini anlayıram və çalışıram ki, mənə olan etimadı doğruldam. Amma qarşıda hələ 4 ilimiz var və düşünürəm ki, hələ sualınıza konkret cavab vermək düzgün olmaz. Lakin VI çağırış parlament hesab edirəm ki, aktivdir və belə davam edərsə, yaxşı nəticələr, dəyişikliklər əldə etmək olacaq.

- Cəmiyyətin böyük kəsmində millət vəkilinə qarşı inamsızlıq, aqressiya var. Siz də qəbul edərsiniz ki, bunun yaranma səbəbi məhz deputatların özüdür. Sizə (millət vəkilinə) olan bu aqressiya ilə işləmək çətindirmi? Dəyişmək üçün nələrsə edirsiniz?

- Əlbəttə, çətindir... Bu da açıq şəkildə hiss olunur. Təbii ki, bu, mənim üçün müəyyən çətinliklər yaradır, amma həm də işimidə daha məsuliyyətli olmağa vadar edir. Çünki sən itirilmiş seçki güvənini bərpa etməlisən. Bunu həm də özün üçün edirsən. Biz bu mənada digər çağırışlara nisbətən daha məsuliyyətli olmalıyıq.

Belə bir məsələ də var - bir işi görüb paylaşırsan, deyirlər ki özünü reklam edir, etmirsənsə də deyirlər bir iş görmür. Adam çaş-baş qalır: mən necə edim? Amma bu, əsas vermir ki, bir millət vəkili işləməsin. Əlbəttə, bütün bunlar olacaq. Buna baxmayaraq, biz işləməli və itirilmiş deputat nüfuzunu geri qaytarmalıyıq. Biz mütləq çalışmalıyıq. Ola bilməz ki, sən işlədiyin halda hamı səni pisləsin. Əlbəttə, gözü götürməyənlər olacaq, amma əməyini qiymətləndirənlər də mütləq tapılacaq.  

Həmçinin, millət vəkili gərək seçicilərinin bütün fikirlərinə önəm versin, müqayisələr aparsın. Mən şəxsən seçicilərimin fikirləri əsasında müqayisələr aparıb, onları diqqətlə dinləyib, rayonda onlarla bir arada oluram. Bəzən mənə deyirlər ki, siz niyə hamının oturduğu yerdə oturursunuz? Bu, mənə maraqlı gəlir. Mən harda oturmalıyam ki? Yəqin keçmiş deputatlar gizlənib, cəmiyyət içinə çıxmayıb. Mən bunu dəqiq deyə bilmərəm. Amma Vüqar İsgəndərov bu cəmiyyətin içindən çıxan şəxsdir. Mənim deputat olmağım bu həqiqəti dəyişə bilməz. Deputat statusu mənim insanlığımdan üstün deyil. Millət vəkili olmasq bizim üçün bir fürsətdir. Niyə bu fürsətdən insanlar, cəmiyyət üçün istifadə etməyək? Bu mənada, çalışıram ki, mənə verilən bu fürsətdən düzgün istifadə edib,  cəmiyyətin, seçicilərimin nifrətini yox, sevgisini qazanım.

Ümumiyyətlə, hesab edirəm ki, VI çağırış deputatları cəmiyyətdə olan neqativ düşüncələri aradan qaldıra biləcək.

- Millət vəkilləri zaman-zaman bahalı həyatları, avtomobilləri, biznesləri ilə gündəmə gəlib. Nə vaxtsa Vüqar İsgəndərov da bu kimi hallarla gündəmə gələcəkmi? Ümumiyyətlə, deputatın bahalı həyat yaşaması, rüşvət və korrupsiyaya bulaşmasına münasibətiniz necədir?

 

- Düşünürəm ki,  bizdə varlanmağa qarşı bir aqressiya var. Cəmiyyət varlı insanları sevmir. Əlbəttə, haram yollarla, dövləti və milləti talan edərək, sərvət sahibi olmaq cinayətdir, günahdır. Buna yol vermək olmaz. Amma hər bir insanın konfortlu yaşamaq kimi bir arzusu var. Bu, vəzifəsindən asılı olmayaraq hamının haqqıdır.

Amma deputatın sərvət sahibi olması cəmiyyətdə ona görə aqressiya yaradır ki, bunun haram yolla olduğunu düşünürlər. Çünki bir deputat aldığı maaşla sərvət sahibi ola bilməz. Bu mümkünsüz bir şeydir. Təbii ki, bir şəxs deputat olduqdan sonra varlanırsa, burada mütləq şəkildə haram, yəni rüşvət və ya başqa yollarla qazanılan pullar var. Amma təbii ki, bəzi deputatlar var ki, onlar əvvəldən zəngin olublar. Onların deputat olmazdan əvvəl öz biznesləri olub. Düzdür, seçildikdən sonra bizneslə məşğul olmaları qadağandır, amma hər bir halda maddi imkanlarının qaynağı bəllidir. Ortada rüşvət və ya başqa bir səbəb yoxdur.

Əgər gələcəkdə hansısa imkanlarım kimlərinsə haqqını yeyərək olacaqsa, mən indidən o sərvəti, pulu istəmirəm. Allah o sərvəti mənə verməsin. Mənim üçün şərəfli və vicdanlı olmaq daha ləyaqətlidir. İndiki həyatımdan qəti şəkildə narazı deyiləm. Ömür qısa, vaxtımız da çox azdır. Bu qısa ömürdə qarğış, nalə, sərt baxışları üzərinə götürməyə dəyməz. Amma səmimi deyim, mən də yaxşı yaşamaq istəyirəm və bunun üçün alın tərimlə çalışıram.

- Vüqar bəy, ölkədə gedən islahatlarla yanaşı, biz hakim partiyada da islahatların getdiyini görürdük. Bu islahatlar genişləndirilə bilərmi?

- Biz irəliyə, inkişafa doğru getmək istəyiriksə, əlbəttə islahatlar olmalıdır. Nə qədər insan, cəmiyyət varsa, yeniliklər, islahatlar olacaq. Bu, qaçılmazdır. Azərbaycan da cənab prezidentin rəhbərliyi altında bu islahları həyata keçirir.

Ölkəmizdə bütün sahələrdə islahatlar gedir, o cümlədən partıyamızda. Bir neçə ay öncə partiyamızda qurultay keçirildi və qurultayda həm idarə heyətində, həm mənim də üzv olduğum Təftiş Komisiyyasına yeni simalar gəldi. Ümumiyyətlə,  islahat elə bir şeydir ki, bunu düşünülmüş şəkildə aparmalısan, yoxsa, əks nəticələr verə bilər. Bu baxımdan, ümumilikdə partiyamızda çox geniş islahatlar getdi və bundan sonra bu, davam edəcək. Hətta, deyim ki, qarşıda çox yaxşı planlar var. Partiyamızın sədri, ölkə başçısı cənab İlham Əliyev YAP qarşısında çox ciddi öhdəliklər qoyub. Prezident o qədər ağır çəkili siyasətçidir ki, onun bir fikiri təkcə Azərbaycanda deyil, dünyada rezonas doğurur. Çünki Azərbaycan ərazi baxımdan kiçik olsa da, nüfuz baxımdan çox böyükdür. Əlbəttə ki, bu da aparılan düzgün siyasətin nəticəsidir.

Diqqət edin, tarixdə bu günə qədər hansı dondurulmuş münaqişə həll olunub? Heç bir! Yeganə dövlət Azərbaycandır ki, bunu etdi. Bunun üçün gör nə qədər çalışmaq lazım idi. Nə qədər dügün vaxtda, lazım olan yerdə  etmək lazım idi ki, bu məsələ həll olunsun. Biz bütün bunları dəqiqliklə hesablayıb həyata keçirdik.

Burada bizə siyasi və mənəvi dəstək olan dövlətlər oldu. Dəstək olan dövlətlər arasında Türkiyəni, Pakistanı, Əfqanıstanı və. s dövlətləri qeyd etmək olar. Təbii ki, burada əsas rol oynayan Azərbaycan dövlətinin qüdrəti və aparılan düzgün siyasət oldu. Ölkəmiz inkişaf etmiş dövlət olmasaydı, güclü ordumuz da olmazdı. Hər bir detal ulu öndərimizin qoyduğu çox möhkəm bünövrəyə söykənir. Cənab prezident də bünövrəsi möhkəm qoyulmuş ölkəni yeni baxışlarla, yeni ideyalarla inkişafa doğru aparır. Biz elə etməliyik ki, bizim gördüyümüz problemləri gələcək Azərbaycan vətəndaşları görməsin. Yəni, gələcək nəsillərə bütün problemlərdən azad, inkişaf etmiş bir ölkə miras qoyaq. Məhz aparılan islahatların da məqsədi budur.

- Doğulduğunuz Şəki şəhərindən deputat seçildiniz. Öz rayonundan deputat seçilməyinizin sizin üçün hansı müsbət və mənfi tərəfləri var?

- Müsbət tərəfləri odur ki, sən o şəhərdə doğulmusan, yaşamısan, orada hamı səni tanıyır, hörmətlə yanaşır. Bu, gözəl bir hissdir.

Çətin tərəfləri isə ondan ibarətdir ki, sənin əlaqələrini bilirlər, evini tanıyırlar, harada daha çox olduğunu bilirlər və sən hər dəfə rayona gedərkən mütləq oranın vətəndaşları ilə qəbul keçirməlisən. Demək olar ki, hər gün qəbul olur. Bu baxımdan, belə demək olarsa, rahat həyatdan uzaqlaşmış olursan. Demək olar ki, sənin şəxsi həyatın qalmır. Amma seçicilərlə görüşmək, onları dinləmək, problemləri ilə maraqlanmaq bizim işmizidir. Çətin və ya asan olmasından asılı olmayaraq, biz işimizi düzgün şəkildə görməliyik. Xüsusilə sən qədim tarixi olan Şəki şəhərinin deputatısansa, bunu özü böyük bir qürurdur.

Bu arada, qeyd edim ki, dörd şəhid övladını vicdanlı Şəki iş adamları ilə himayəyə götürüb, onlara hər ay təqaüd veririk. Bu, davamlı olacaq və biz gələcəkdə yaxşı oxuyan uşaqların siyahısını tutub, onların içərisindən maddi imkanları zəif olanları seçib, təhsillərinə dəstək verməyi planlayırıq. Çünki elmə, təhsilə qoyulan pul heç zaman itmir.

Mən ümumilikdə şəkililərdən razıyam və ümid edirəm ki, onlar da məndən razı olacaqlar.

AZADİNFO.az”-ın “ən yaxşı millət vəkili” sorğusunda ilk beşlikdə yer almısınız. Vüqar İsgəndərov ən yaxşı olmaq üçün nələr edir?

- Mən bütün gücümlə çalışıram ki, sözümlə, əməlim düz olsun. Çünki insanların nifrətini qazandıran məsələ bir sözü danışıb, onun əksini etməkdir. Çalışıram dürüst olum, səmimi olum və mənə müraciət edən hər kəsi dinləyib, kömək edim. Mobil telefonlarım, sosial şəbəkə hesablarım daim seçicilərimin, vətəndaşlarımızın üzünə açıqdır. Bizə göndərilən bütün müraciətlərə baxılır, səlahiyyətimiz daxilində olan məsələlər həll olunur, olmayanlar isə aidiyyəti qurumlara göndərilir. Bir sözlə, sadəcə, işimi görməyə çalışıram və sevinirəm ki, bunu seçicilərim və vətəndaşlarımız qiymətləndirir.




Tarix: 2021-05-26 16:37:38 Oxunub: 2501 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR