"Prezident İlham Əliyev Paşinyanı faktlarla susdurdu" - Deputat

“Laçın-Xankəndi yolundakı ekoloji dinc aksiyanı “blokada” kimi qələmə verməyə çalışan Ermənistan rəhbərliyi və bu dövlətin havadarları bu istəklərinə də nail ola bilməyəcəklər. Prezident İlham Əliyev onların bu yalanlarını da ifşa etdi. 70 gündən çoxdur ki davam edən aksiya zamanı 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınlarının buradan keçməsi faktı aksiyanın ekoloji dinc aksiya olmasının sübutudur”.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Münxen Təhlükəsizlik Konfransı əvvəlki illərdə keçirilən konfranslardan daha önəmli olması və tarixiliyi ilə yadda qaldı. Cənubi Qafqaz regionunun liderlərinin ilk dəfə birlikdə qatıldığı “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və prezident İlham Əliyevin siyasətçi kimi, rəhbər kimi ölkəsini ən yüksək səviyyədə təmsil etməklə ölkə mənafeyini qoruması baxımından olduqca məhsuldar bir iclas oldu”.

 “Plenar iclasda bir çox məsələlərə toxunuldu. Ancaq bizim üçün ən əsas məqam əlbəttə ki, Qarabağımızla bağlı növbəti prosedurlardır. İlk növbədə də sülh müqaviləsi. Cənab prezident bir daha bütün dünyaya Azərbaycan xalqının istəklərini çatdırdı və hər kəsə bəlli etdi ki, Qarabağ mövzusunda bizim hər hansı bir məsələdə güzəştə getmək niyyətimiz yoxdur. Hər nə yolla olursa olsun, məqsədimizə çatacağıq. Ancaq plenar iclasdan da göründüyü kimi Ermənistan sülh müqaviləsi imzalamaqdan çəkinir və bacardıqca bu prosesi uzatmaqla məşğuldur. Həmişəki kimi özünü yazıq və məğlub bir ölkə kimi dünyaya göstərməklə yardım dilənir. Ancaq onlar hələ də anlamırlar ki, biz onların torpaqlarını işğal etməmişik, öz torpaqlarımızı işğaldan azad etmişik. Çünki müharibə dövründə Azərbaycandan bir nəfər belə fərari olmadığı halda, Ermənistandan 11 mindən çox insan ordu sıralarından fərari olmuşdu. Əlbəttə bu da bir daha göstərir ki, Ermənistan vətəndaşları özgə torpaqlarında döyüşmək istəmirdi. Prezident İlham Əliyev BMT TŞ-nin bu məsələdə fəaliyyətsizliyini, ATƏT-in Minsk qrupunun uğursuzluğunu dünyanın diqqətinə çatdırmaqla bundan sonrakı proseslərdə Azərbaycanın mövqeyini ortaya qoymuş oldu. Çünki biz Ermənistanın sülh danışıqlarından qaçmasının, müxtəlif bəhanələr gətirməsinin illərcə şahidi olmuşuq. 28 il sülh danışıqları getsə də sonda bu məsələ hərb yolu ilə həll oldu. Ali baş komandanın rəhbərliyi ilə ordumuz BMT-nin 4 qətnaməsini özü icra etdi. Buna görə də biz dünyaya gücümüzü və xalqın iradəsini prezident İlham  Əliyevin timsalında göstərə bildik. Bundan sonrakı proseslərdə artıq Ermənistan toqquşma və intriqadan uzaqlaşmanı nümayiş etdirməli, ədavət və düşmənçiliyə son qoymalıdır”.




Tarix: 2023-02-21 20:50:57 Oxunub: 368 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR