XX əsrin ən böyük insanlıq faciəsi - Xocalı soyqırımı
“Bu gün bizim üçün, Azərbaycan tarixi üçün çox ağır bir gündür. 20-ci əsrin ən böyük insanlıq faciəsi Xocalı soyqırımı hər bir azərbaycanlının içində dərin iz buraxıb. Bu yara 31 il keçməsinə baxmayaraq, hələ də sağalmayıb. Təəssüf ki, dünyanın gözü qarşısında baş verən bu faciənin əsas səbəbkarları indiyə qədər cəzalarını tam olaraq almayıblar”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Xocalı faciəsinin miqyasına baxanda, törədilmiş cinayətlərin qəddarlığına baxanda görmək olur ki, bu, insanlıq tarixinin ən qorxulu və vəhşicəsinə törədilmiş bir faciəsidir. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlardan ibarət olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Prezident İlham Əliyevin bu faciəylə bağlı fikirləri həmin cinayətkarların əməllərini açıq aydın özündə əks etdirir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Bu faciənin dəhşətinə baxın ki, qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb”.
Deputat qeyd edib ki, hazırda faciənin dünya miqyasında tanıdılması istiqamətində Azərbaycan kompleks işlər aparır. Bu isə zaman ötdükcə öz müsbət nəticəsini verir.
“Birinci növbədə qəhrəman ordumuz Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Xocalı şəhidlərimizin qisasını aldı. Döyüş meydanında, torpaqları azad etməklə şəhidlərimizin qanını yerdə qoymadılar. Bununla yanaşı Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bununla yanaşı “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Hər birimiz bu faciənin qurbanlarını daim yad etməli və erməni qəddarlığını, onların iç üzlərini, türk düşmənçiliyini dünyaya çatdırmalıyıq. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasiminin keçirilməsi də onu göstərir ki, xalqımız bu faciəni heç bir zaman unutmayacaq”.
Tarix: 2023-02-27 11:59:44 Oxunub: 391 dəfə