"Azərbaycan və Litva münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"
“Prezident İlham Əliyevin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda Litva-Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd etdi. Cənab Prezidentin də bildirdiyi kimi Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Əlbəttə indi görülən bu işlər və atılan addımlar gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin daha da sıxlaşmasına səbəb olacaq və bu işlər sürətlə aparılacaq. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı işlər paralel şəkildə aparılır. Hər iki ölkədə bu sahəyə çox böyük diqqət göstərilir. Əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından iki ölkə də eyni istiqamətdə gedir. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Bildiyimiz kimi, Azərbaycan digər enerji növlərində olduğu kimi yaşıl enerji sahəsində də artıq Avropa ilə sıx əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq formasında fəal işlər görür.
Deputat həmçinin qeyd edib ki, həm Litva prezidentinin Azərbaycana səfəri, həmçinin də Azərbaycan prezidentinin Litvaya səfəri bu qarşılıqlı dostluğun, əlaqələrin inkişafına töhfə verməklə yanaşı xüsusən iqtisadiyyat sahəsində ticarət və sahibkarlığın inkişafına təkan verəcək. “Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir”.
Tarix: 2023-05-29 23:27:38 Oxunub: 190 dəfə