"Xoşbəxt xalqıq ki, bizim zəngin və tarixə söykənmiş bir ana dilimiz var" - Deputat
“Ana dili hər bir xalqın milli sərvətidir. Bu baxımdan biz xoşbəxt xalqıq ki, bizim zəngin və tarixə söykənmiş bir ana dilimiz, Azərbaycan dili var. Bu baxımdan biz dilimizin saflığına daim qayğı göstərməli bu sərvətimizi qorumalıyıq. Ulu öndər Heydər Əliyev “ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” deyirdi. Zaman zaman dilimizin inkişafına qarşı tarixən müəyyən proseslər getsə də xalqımız ana dilini daim qoruyub saxlaya və onu inkişaf etdirə bilmişdir.
Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Sovet imperiyası dövründə milli dillərə qarşı münasibət heç də birmənalı deyildi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Ancaq bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdu. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ümumilli liderin səyləri nəticəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.Məhz Ulu Öndərin təşəbbüsü ilə müstəqillik dövründə də dilimizə xüsusi diqqət və qayğı göstərilirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Əlbəttə bu fərmandan sornakı dövrlərdə də istər Ulu öndər Heydər Əliyev, istərsə də prezident İlham Əliyev tərəfindın dilimizin saflaşdırılması, zənginləşdirilməsi prioritet məsələlərdəndir. Hazırda Azərbaycan dili beynəlxalq səviyyədə inkişaf etmiş dillər sırasındadır. Bu gün də dilçiliyimizin inkişafına xüsusi önəm verilir”.
Tarix: 2023-08-03 13:23:29 Oxunub: 73 dəfə