"Bütöv Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur" - Deputat

“Bu il Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız dalğalanacaq. 9 noyabr Dövlət Bayrağı gününü biz artıq hər bölgəmizdə fəxrlə keçirəcəyik. Bütöv Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunacaq”.
Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
“Bayraq hər birimiz üçün müqəddəsdir. Bu bayraq yolunda neçə-neçə igidlərimiz öz canlarını qurban verməklə bu gün müstəqil və bütöv Azərbaycanın təməlini qoymuşlar. Bu baxımdan bayrağa sevgi, hörmət hətta evlərdə uşaq yaşlarından övladlarımıza aşılanmalı, onun yolunda fəda olan insanlar daim xatırlanmalıdır. Ulu Öndər Heydər Əliyev bayrağımızla bağlı belə deyərdi: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Bayrağımıza, vətənimizə məhz bu hisslərlə yanaşmağımız bizi qalib xalqa çevirdi. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın təcəssümüdür. Unutmamalıyıq ki, Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”.




Tarix: 2023-11-11 17:31:08 Oxunub: 129 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR