"Zəfər paradı tariximiz üçün çox əlamətdar hadisə oldu" - DEPUTAT

“Vətən müharibəsindəki qələbədən sonra 10 dekabrda keçirilən Zəfər paradı tariximiz üçün çox əlamətdar və önəmli bir hadisədir. Bu tarixi hadisə həm ordumuzun gücünün, həm də Türkiyə ilə olan qardaşlıq münasibətlərinin ən yüksək formada olmasının təzahürü idi”. 
Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
“Zəfər paradının ən önəmli xüsusiyyətlərindən biri məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Prezident İlham Əliyevlə birlikdə paradı izləməsi idi. Əlbəttə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss edirdi. Azərbaycanın haqq savaşında Türkiyə həmişə dövlətimizin yanında yer almışdı. Bu baxımdan Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq. Bu zəfərdən sonra antiterror əməliyyatları zamanı da bütün dünya peşəkar Azərbaycan ordusunun bir daha gücünün şahidi oldu. Bütün bunlar isə illərlə çəkilən əziyyətin nəticəsi idi. Çünki uzun illər ərzində ölkəmizin əsas büdcə xərclərini məhz hərbi xərclər təşkil etmişdi. Ordunun döyüş qabiliyyəti möhkəmlənməklə yüksəlmiş, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilmişdi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən almışdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olmuşdu. Biz hər il keçirilən hərbi paradlarda ordumuzun gücünü görürdük. Zəfər paradı isə şanlı ordumuzun tarixində şanlı səhifə olacaq. Burada 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olmuşdu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilmişdi. Bununla yanaşı Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdi. Bu baxımdan Zəfər paradı çox önəmli və tarixi bir hadisədir”.




Tarix: 2023-12-10 17:42:50 Oxunub: 169 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR