"Qaz ixracı coğrafiyası daha da genişləndirilir" - DEPUTAT

“Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində qeyd etdiyi kimi artıq təbii qazımız doqquzuncu ölkə olan Serbiyaya ixrac edilir. Bu ölkələrin də yeddisi Avropa ölkələridir. Bu isə Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişləndirməsi deməkdir”.
Bunu newspress.az saytına açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
“İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək. Biz hədərflərimizə inamla irəliləyirik. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdusa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bildiyiniz kimi ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Bu memorandum effektiv şəkildə icra edilir. İllər əvvəldən neft-qaz, energetika istiqamətində həyata keçirilən siyasət bu gün öz müsbət nəticəsini verməkdədir. Danılmaz bir faktdır ki, bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Artıq Avropa ölkələri də Azərbaycanın atdığı addımlardan sonra reallıqları etiraf edirlər. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq olan dövlətdir. Cənab prezident İlham Əliyevin dünyada qazandığı xüsusi imic bu gün imkan verir ki, hər bir dövlət Azərbaycanla tərəfdaş yaxud da dost bir ölkə olsun. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Bu əlaqələrin nəticəsidir ki, Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Əlbəttə Azərbaycan bununla da kifayətlənməyəcək. Çünki qarşıda çox böyük hədəflərimiz var. Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır”.




Tarix: 2023-12-16 11:32:55 Oxunub: 243 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR