"Prezidentimiz Paşinyanı bir daha diplomatik nokauta saldı" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Ramil Həsən son vaxtlar dünyada və ölkədə baş verən proseslər, Azərbaycanın beynəlxalq siyasətdəki yeni uğurları və  gündəmdə olan digər məsələlərlə bağlı Newspress.az-a geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

-Azərbaycan Milli Məclisinin sizin də tərkibinə daxil olduğunuz 6-cı çağırışı artıq 3 aydan çoxdur ki, fəaliyyət göstərir. Bu müddətdə parlamentin fəaliyyətini necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi, Azərbaycan Milli Məclisi VI çağırışı mart ayının 10-dan fəaliyyət göstərir. Bu fəaliyyətimiz bütün dünyanı cənginə alan koronavirus bəlası ilə mübarizə apardığımız dövrə düşür. Amma buna baxmayaraq, həm koronavirusla mübarizə çərçivəsində, həm də yenilikçi, mütəfəkkir fikir və düşüncəyə sahib insanların cəmləşdiyi, Azərbaycanda gedən islahatlar prosesinə dəstək verən qanunverici orqan kimi özünü göstərib. Qısa fəaliyyət müddətimizə nəzər saldıqda qeyd edə bilərik ki, millət vəkillərimiz başda Milli Məclisin sədri Sahibə xanım Qafarova olmaqla aktiv, demokratik prinsiplərə riayət edən və Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun atmış olduğu addımlara dəstək verən bir qanunverici orqan kimi fəaliyyət göstərməkdədir.

-Köhnə Milli Məclisin buraxılmasında əsas məqsəd qanunverici hakimiyyətin ölkədə aparılan islahatlarla ayaqlaşmaması göstərilirdi. Necə düşünürsünüz, yeni tərkib bu missiyanın öhdəsindən gələ bilirmi? Yeni parlamentin ən yaddaqalan fəaliyyəti nədən ibarət olub keçən dövr ərzində?

V çağırış Milli Məclis buraxıldıqdan sonra, 6-cı çağırışın növbədənkənar parlament seçkiləri keçirildi və sizin də bildiyiniz kimi, 121 millət vəkilindən 41-i ilk dəfə Azərbaycan parlamentinə mandat qazanmış şəxslərdir. Qısa müddətdə bizim həyata keçirdiyimiz ən önəmli addımlardan biri koronavirusla mübarizə çərçivəsində millət vəkillərinin maarifləndirici proseslərin içərisində rol almasıdır. Məhkəmə-hüquq sistemindən tutmuş dövlətin idarəetmə sisteminə qədər lazım olan yenilikçi qanunların, islahatlara dəstək verəcək qanunların və qanun layihələrinin ciddi və sürətli şəkildə müzakirə olunub qərarların verilərək Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətinə dəstək verilmişdir. Fəaliyyətimiz hələ qısa müddətdir. Əminəm ki, millət vəkillərimiz fikir azadlıqlarını, düşüncələrini aydın şəkildə ifadə etməklə Azərbaycan dövlətinin daha da inkişafına dəstək verəcəklər.

-Fəaliyyətiniz həm də çətin bir dövrə təsadüf etdi. Dünyanı bürüyən pandemiya və buna uyğun ölkəmizdə də tətbiq olunan karantin rejimi işlərinizə necə təsir edib?

-Bu gün artıq dünyada 9 milyondan çox insan koronavirusa yoluxub. Bu çox ciddi bir bəladır. Azərbaycan prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi biz görünməyən düşmənlə mübarizə aparırıq. Bildiyiniz kimi, Azərbaycan hökuməti başda cənab İlham Əliyev olmaqla fevral ayının 28-də Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması ilə bağlı xüsusi addımlar atmışdır. Atılan bu addımların nəticəsində Azərbaycan əhalisinin say tərkibinə görə ilk fevral, mart, aprel ayına baxdığımız zaman həm yoluxma, həm də ölüm saylarına görə Azərbaycan virusa qarşı mübarizədə öncül yerlərdən birini tutmuşdur. Azərbaycan dövləti Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar, həmçinin 29 ölkəyə, 13 beynəlxalq təşkilata yardım göstərməklə, bu böhran ərəfəsində qlobal idarəetmə mexanizmini həyata keçirməklə, Azərbaycan modelini yaratmaqla dünyaya örnək olmuşdur. ÜST və bir çox beynəlxalq təşkilatlar bunu xüsüsilə vurğulamışdı ki, burada Azəbaycan prezidenti İlham Əiyevin mövqeyi xüsusidir, danılmazdır. Bu biz millət vəkilləri üçündə böyük bir yol xəritəsi olmuşdur. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq seçildiyimiz bölgələrdə əhalimizə xidmət, onların problemlərinin parlamentdə qaldırılması, qanun layihələrinin qəbulu, görülə biləcək işlərin qısa müddətdə görülməsi üçün zəruri addımlar atmışıq.

Seçicilərlə ünsiyyətdə hər hansı çətinlik yaşayırsınızmı? Əsasən hansı məsələlərlə bağlı insanlar müraciət edirlər?

-Karantin şəraitini nəzərə alaraq seçicilərlə ünsiyyətimizi məsafəli formada həyata keçirdirik. Biz bu günə qədər yüzlərlə seçicimizlə həm telefon danışığı, həm də onlayn görüşlər təşkil etmişik. Eyni zamanda onların ünvanladığı yüzlərlə məktub və müraciətlərlə fikirlərini alaraq aktiv şəkildə əlaqələrimizi yüksək tutmağa çalışımışıq. Onların tələblərini, təkliflərini, eyni zamanda iradlarını, qarşılaşdıqları problemləri müvafiq qanunvericilik çərçivəsində, bizə verilmiş səlahiyyətlər çərçivəsində həll etməyə çalışırıq. Mənim seçildiyim Ucar rayonunda kənd təsərrüfatı ilə məşğul olan şəxslərin yay aylarında su və suvarma sistemləri ilə bağlı problemlər və şoran torpaqlar problemi olub. Mən bu məsələləri iki dəfə Milli Məclisdə qaldırmışam, həmçinin məsələnin müsbət şəkildə həlli üçün baş nazir Əli Əsədova müraciət etmişəm. İnanıram ki, Azərbaycan prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi "Regionların sosial-iqtisadi inkişafı" Dövlər Proqramlarına dəstək olaraq bu məsələlər qısa müddətdə öz həllini tapacaq. 

Cəmiyyətdə gedən prosesləri də yaxından izləyirsiniz. Son vaxtlar əsas gündəm koronavirusla mübarizə və insanların bu məsələdə fikir ayrılıqlarıdır. Bəziləri əvvəl virusa inanmırdılar. Hazırda da həm karantin dövrünün sərtləşdirilməsinin, həm də yumşalmaların davam etdirilməsinin tərəfdarları var. Necə düşünürsünüz, bu bəladan xilas olmaq üçün cəmiyyət olaraq nə etməliyik?

- Azərbaycanda demokratik bir sistem mövcuddur. İnsanlar fikir və düşüncələrini açıq və aydın şəkildə ifadə edirlər. Ancaq mən açıq şəkildə qeyd etmək istəyirəm ki, bu mənim tam səmimi fikrimdir, bu gün insanlar əbəs yerə bu virus necə yayıldı, necə çıxdı, kim yaratdı kimi məsələləri müzakirə edərək özlərini bu işlərlə məşğul edirlər. Halbuki bu gün konkret fakt ondan ibarətdir ki, bu virus var, ciddi təhlükə mənbəyidir və yoluxma prosesi də davam etməkdədir. Təəssüflə qeyd etmək istəyirəm ki, Azəbaycan hökumətinin gördüyü bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi, diqqətsizliyi, virusa inanmayanların reallığı əks etdirməyən düşüncələrlə məsələyə yanaşması yenidən karantin rejiminin sərtləşdiriməsinə gətirib çıxardı. Azərbaycan hökuməti məcbur olaraq karantin rejimini sərtləşdirdi. Biz yenidən aprel ayındakı vəziyyətə qayıtmışıq. Bunun günahkarı bilavasitə əhalimizin içərisində olan məsuliyyətsiz təbəqədir. Əgər insanlar sosial məsafəni qorusa, qapalı məkanlarda maskalardan istifadə etsə və dezinfektiv üsullardan istifadə etsəydilər, mən əminəm ki, biz bu poblemlərlə qarşılaşmazdıq. İnsanların məsuliyyətli, diqqətli olması, sosial məsafənin gözlənilməsi, zərurət olmadan ictimai yerlərə məkanlara gedib orada sıxlıq yaratmaması kimi addımlar hər zaman müsbət nəticəsini verir. Ancaq təəssüf ki, bizim əhali bu qaydalara əməl etmədiyi üçün biz iki həftəlik karantin rejiminin içərisindəyik. Ümid edirik ki, əhalimiz bu dəfə əvvəlki səhvlərdən dərs çıxaracaq. Çünki atılan addımlar yalnız onların xeyrinədir. Azərbaycan prezidentinin vurğuladığı kimi, Azərbaycan dövləti əhalinin sağlamlığını əsas prioritet kimi seçmişdir, iqtisadiyyatın inkişafı bunun yanında ikinci plana salınmışdır. İndi artıq əhalinin də qaydalara fikir verməsi lazımdır. Nəzərə alınmalıdır ki, iqtisadi inkişaf əhlinin sağlamlığından asılıdır. Cənab prezidentin dediyi kimi sağlamlığımızı təmin etməliyik ki, digər proseslərlə məşğul ola bilək. Mən fürsətdən istifadə edərək, əhalimizi mətbuat vasitəsi ilə diqqətli olmağa, məsuliyyətli olmağa, sosial məsafəni qorumağa, ehtiyac olmadığı təqdirdə evdən çıxmamağa, qapalı məkanlarda minimal vaxt keçirtməyə çağırıram. Atılan addımların hər biri bizim yaxınlarımız, əzizlərimiz, dəyər verdiyimiz insanlar üçündür.

Sərhədlərin bağlı olmasına görə xaricdə qalan - xüsusən Rusiyada qalmış vətəndaşlarımızın vəziyyəti son günlər müzakirə mövzusuna çevrilib. Onların üzləşdiyi çətinlik, onlara qarşı davranış cəmiyyətdə xoş qarşılanmadı. Oxşar halların təkrarlanmaması üçün hansı addımlar atılır?

-Sərhədlərin bağlı olmasına görə təkcə Rusiyada deyil, eyni zamanda Türkiyədə, digər ölkələrdə bizim yüzlərlə soydaşımız qalıb. İnsanlar bunu bilməlidir ki, bu cür vəziyyət təkcə Azərbaycanın qarşılaşdığı bir problem deyil. Bu çətinlik dünyanın bir çox ölkələrində var. Türkdilli dövlətlərin miqrasiya xidmətlərinin toplantısında da bu məsələ müzakirə mövzusuna çevrilib. Türkiyənin, Qazaxıstanın, Özbəkistanın yüzlərlə, minlərlə vətəndaşları sərhədlərin bağlanması səbəbindən xarici ölkələrdə qalıblar. Ona görə də məsələni şişirdərək sadəcə Rusiya ilə bağlamaq məncə doğru deyil. Hər bir vətəndaşımız bizim üçün qiymətlidir. Əlbəttə ki, mövcud problemlərlə bağlı Azərbaycan dövləti müvafiq addım atmaqdadır. Bildiyiniz kimi, bunanla bağlı Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı da baş tutub. Məsələnin qısa müddətdə öz həllini tapması üçün addımlar atılıb. İnanıram ki bu problem qısa müddətdə həll olunacaq. Dəyərli vətəndaşlarımız da başa düşməlidirlər ki, bu gün dünyanın bəlasına çevrilmiş problem sadəcə Azərbaycana xas problem deyil. Ona görə də bir anın içində hər şeyin güllük-gülüstanlıq olmasını gözləmək sadəlövhlük olardı. Bir az səbr etmək lazımdır. Dövlətimiz bizim yanımızdadır. Hökumət əlindən gələn bütün addımları atmaqdadır. Bizdə hökumətin atdığı bu addımlara dəstək verməliyik ki, gələcəkdə bu kimi problemlərlə bir daha qarşılaşmayaq.

Siz həm də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüsüz. Son vaxtlar bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyinin, ikili standartlarının şahidi oluruq. Bu məsələlərdə bizim parlament necə mövqe sərgiləməlidir? Avropa Şurası ilə yaxınlaşma siyasətinə yenidən baxıla bilərmi?

-Mən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi Azərbaycanın beynəlxalq təşkilatlarda uğurlu şəkildə təmsil olunmasında aktiv şəkildə iştirak edirəm. Avropa Parlamenti, Avropa Birliyi və bir çox beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi prinsipial obyektiv mövqeylə yanaşı, bir çox beynəlxalq təşkilatlar var ki, müxtəlif dairələrin maraqlarını ifadə edərək Azərbaycana qərəzli mövqedən yanaşırlar. Buna misal olaraq ATƏT-in Demokratik Təsisatlar İnstitutunu, Avropa Şurası Parlament Assambleyasını, ABŞ Konqresini göstərmək olar. İkili standartlar mövcuddur: Azərbaycana qarşı yanaşmada kiçik bir məsələni böyüdüb qlobal problem şəklində təqdim etmək, faşist idarə etmə üsuluna sahib olan Ermənistana yanaşmada isə böyük bir məsələni ört-basdır etmək. Məlumdur ki, hansı dəyirmana su tökürlər, Ermənistan hakimiyyətinin maraqlarını müdafiə edən addımlar atırlar. Bütün bunlar - ikili standartların dünyada mövcud olduğunu göstərir. Biz millət vəkilləri də bu məsələlərdə aktiv olmalıyıq. Mən bununla bağlı parlamentdə fikrimi bildirmişəm. Parlamentlərarası dostluq qrupları, parlamentin beynəlxalq təşkilatlardakı nümayəndələri vasitəsi ilə açıq və aydın şəkildə hücum diplomatiyasının maksimal qanun çərçivəsində imkanlarından istifadə edərək fikirlərimizi ortaya qoymalı, məktublar yazmalı, Azərbaycanın dövlətinin, Azərbaycan prezidentinin mövqeyini parlament diplomatiyası ilə öz həmkarlarımıza çatdıraraq ölkəmizin xarici siyasətinə dəstək olmalıyıq və bu qərəzli yanaşmanın zərərlərini minimuma endirməliyik.

Bildiyiniz kimi, Avropa Parlamenti “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnamə qəbul edib.  Bu addımı necə qiymətləndirirsiz?

- Əvvəllər Azərbaycanın ən böyük tənqidçilərindən biri olan qurum bu qətnamənin qəbulu ilə nəhayət ədələtli və obyektiv yanaşma ortaya qoydu. Bu Azərbaycan prezidentinin başçılığı ilə həyata keçirilən hücum diplomatiyasının uğurlu nəticələrindən biridir. Bu gün Azərbaycanın özünümüdafiə hüququ, beynəlxalq hüquq norma və prinsiplərini dəstəkləyən fikirləri ilə ön plana çıxaran sənəd Petras Auştreviçyus tərəfindən həmməruzəçilər Radoslav Sikorski, Anna Fotıqa, Attila Ara-Kovaç və Marketa Qreqorovanın iştirakı ilə hazırlanmışdır. Bu qətnamə Azərbaycan diplomatiyasının yeni qələbələri siyahısına daxil olmaqla bərabər, həm də Aİ-nin son dövrlər Azərbaycana münasibətdə beynəxalq hüquq və normalara hörmət baxımından prinsipial mövqeyini də sərgiləməkdədir. Bildiyiniz kimi bir neçə gün öncə Azərbaycan prezidenti Aİ-nin Şərq tərəfdaşlığı proqramı üzrə dövlət başçılarının onlayn sammitində Ermənistanın işğalçı siyasət həyata keçirən dövlətini ifşa edən faktları bir daha ortaya qoymuş və Ermənistan baş nazirini Münhen Təhlükəsizlik konfransında olduğu kimi bir daha diplomatik nokauta salmışdır. Ard-arda baş verən proseslər - Dünya Bankının nümayəndələri ilə görüşdən tutmuş Aİ-nin Şərq tərəfdaşlığı proqramı çərçivəsindəki sammitə qədər də Azərbaycan prezidentinin konkret mövqeyi və Aİ-nın Azərbaycana göstərmiş olduğu xüsusi diqqət və qayğı, Avropa Parlamentinin prinsipial mövqeyni əks etdirən və Ermənistanı açıq-aydın şəkildə Azərbaycanın torpaqlarını işğal etmiş bir dövlət kimi tanıyan, Azərbaycanı işğala məruz qalmış dövlət kimi göstərən faktlardan ibarət olan belə bir qətnamə Azərbaycanın beynəlxalq münasibətlər sistemində hücum diplomatiyasının nəticəsində əldə etmiş olduğu növbəti uğurlardan biridir. Avropa Parlamenti Cənubi Qafqaz münaqişəsində öz münasibətini bir daha bu sənədlə ortaya qoymuşdur. Buna qədər də bir neçə dəfə Avropa Parlamenti tərəfindən Azərbaycana dəstək ifadə edən bir neçə addımlar atılıb. 31 mart tarixində Ermənistanın keçirdiyi qondarma prezident seçkilərinin Avropa Birliyi tərəfindən tanınmaması kimi addımlar əlbəttə ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha göstərməkdir. Burada çox önəmli bir faktı qeyd etmək lazımdır ki, Ermənistan burada fiaskoya məruz qalmışdır və bu da onun işğalçı, şovinist, faşist və rasizm istiqamətli siyasətinin bariz nümunəsi kimi ortaya çıxmaqdadır. 

Ermənistanın təxribatçı addımları son vaxtlar tez-tez gündəmə gəlir. Sizcə, bu təxribatların arxasında hansı hiyləgər məqsədlər dayanır və Azərbaycan hansı addımları atmalıdır?

-Ermənistanın təxribatçı addımları barədə mən fikirlərimi açıq və aydın şəkildə bildirmişdim. Bu təxribatlar içərisində Azərbaycanın milli şüuruna və qüruruna toxunacaq addımlar olaraq qəbul edəcəyimiz 31 mart azərbaycanlıların soyqırımı günündə Azərbaycanın tarixi torpaqları olan Qarabağda seçki şousunun keçirilməsi, may ayında bizim tarixi Qarabağ xanlığımızın paytaxtı olan Şuşada təlxək şousunu keçirərək andiçmə mərasimini təşkil etmələrini, daha sonra Ermənistan parlamentində baş verən proseslər, Ermənistanın faşist və cinayətkar üsulla idarə olunan dövlət rəhbərliyinin Azərbaycana qarşı təxribatçı mövqeyini əks etdirən fikirlər ifadə etməsi, Azərbaycanı qıcıqlandırmaq üçün atmış olduqları addımlar, bu məkrli siyasətin təməllərindən xəbər verməkdədir. Azərbaycana qarşı bu məkrli siyasət dünən deyil, bu gün deyil, 1988-ci ildən başlayıb. 250 mindən çox azərbaycanlını dədə-baba torpaqları yurdaları olan Qərbi Azərbaycandan qovmaları, sonra ard-arda bizim tarixi torpaqlarımızın işğal olunması, Xocalı faciəsi kimi hadisələr Ermənistanın məkrli, faşist, şovinist siyasətinin nəticəsidir. Azərbaycan bu gün güclü dövlətdir. Azərbaycan bu gün diplomatiya sahəsində, müdafiə sahəsində geniş imkanlara sahibdir. Azərbaycanın Müdafiə nazirinin də qeyd etdiyi kimi biz düşməni qısa müddətdə susdurmağa qadirik. Bu da cənab Ali Baş Komandanın hər an verə biləcəyi əmrdən asılıdır ki, Azərbaycan ordusu vətən torpaqlarını işğaldan azad etsin. Amma hücum diplomatiyası, diplomatiyanın bütün imkanlarından maksimal şəkildə istifadə olunmalıdır. Ölkə rəhbərliyinin də qeyd etdiyi kimi diplomatik imkanlar tükəndiyi zaman hərb üsuluna əl atılır. Bu məsələdə müstəsna səlahiyyət ölkə rəhbərinə aiddir ki, biz ölkə rəhbərinin verəcəyi hər bir qərarı dəstəkləyirik və dəstəkləməyə də davam edəcəyik.

Post pandemiya dövründə qanunverici orqanın qarşısında hansı vəzifələr durur? Hansı sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var?

-Postpandemiya dövründə, bu bəlanın öhdəsindən gəldikdən sonra bizi çox ciddi addımlar gözləyir. Azərbaycan iki ildən çoxdur ki, ölkə rəhbərimiz cənab İlham Əliyevin başçılığı altında və hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli dəstəyi ilə uğurla davam edən islahatlar prosesinə start vermişdir. Məhkəmə-hüquq sistemindən tutmuş dövlət idarəetmə sisteminə qədər, icra strukturuna qədər ölkənin daxili və xarici siyasəti, eyni zamanda hüquq mühafizə orqanları, səhiyyə, təhsil, vergi, maliyyə, bank sistemlərinin təkmilləşdirilməsi insanların həyat şəraitinin və yaşayış minimumunun daha da yüksəldilməsi, regionların sosial-iqtisadi inkişafı proqramları, bütün bunlar hamısı bir-biri ilə qarşılıqlı harmoniya təşkil edən islahatlar və reform prosesidir. Azərbaycan parlamenti də bu məsələlərdə aktiv rol oynamaqdadır. Bütün bu proseslərin təməlində müasir standarlara, innovativ texnologiyalara və ölkənin inkişaf tempinə uyğun qanunların qəbuluna ehtiyac yaranır. Buna görə də Azərbaycanın qanunverici orqanı bu proseslərdə aktiv rol oynayıb, qanunları təkmilləşdirməli və yaxud yenidən qəbul etməlidir. Bu da ölkə rəhbərinin başçılığı altında keçirilən islahatlar kursunun uğurla davam etməsi üçün qanuni bazanı tam şəkildə təmin edəcək. Biz bu məsələdə hər zaman olduğu kimi ölkə rəhbərinin yanındayıq, cənab prezidenti dəstəkləyirik. Bütün yeni qanunların qəbulu, mövcud qanunların təkmilləşdirilməsi ilə bağlı hökumətimizdən gələn və eyni zamanda qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna sahib olan millət vəkillərindən gələn qanunların uğurla qəbuluna çalışacağıq. Əlimizdən gələn bütün addımları atacağıq.




Tarix: 2020-06-24 21:09:38 Oxunub: 1214 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR